Qarabağ

Akif Nağı: Ya Qarabağı azad edək ya da məhv olaq!

“QarabagNews” xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin 2018-ci ildə son iclasını keçirib. QAT sədri Akif Nağı çıxışında bildirib ki, Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin həllində maraqlı olmadıqlarını nümayiş etdirirlər, onların təklif etdikləri variantlar, o cümlədən, 5 rayonun geri qaytarılması ilə bağlı təkliflər heç bir halda Azərbaycanın maraqlarına cavab vermir. Ermənistanın yeni rəhbərliyi ilə bağlı bəzi Qərb mərkəzləri tərəfindən yaradılan yalançı ümidlərə də inanmaq olmaz. Ermənistan işğalçı, ilhaqçı mövqeyindən geri çəkilmir və çəkilməyəcəkdir.

Bu ilin ortalarından etibarən Azərbaycan cəmiyyətinin Qarabağa azadlıq tələbi ilə fəallaşmasını, mitinq və digər tədbirlərin həyata keçirilməsini müsbət dəyərləndiririk. Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə tanınmış siyasi partiya, ictimai xadim, Qarabağ döyüşçülərinin bir araya gəlməsi, yeni Qarabağ hərəkatının rüşeymlərinin ortaya çıxması, Qarabağ Komitəsinin yaranması, insanların davamlı və sərt şəkildə Qarabağın azadlığı tələbini irəli sürməsi bir daha nümayiş etdirdi ki, xalqımız üçün Qarabağdan önəmli heç bir problem yoxdur və xalq Qarabağ naminə istənilən fədakarlığa getməyə hazırdır.

Bu il Azərbaycandan kənarda yaşayan soydaşlarımızın,dünya boyunca Azərbaycana Qarabağ məsələsində dəstək verən bütün Qarabağsevərlərin fəallığını da nümayiş etdirdi. İranda, Azərbaycanda, Türkiyədə Beynəlxalq Qarabağ Forumları, Moskvada Qarabağ görüşləri, dünyanın digər yerlərindəki kütləvi tədbirlər Qarabağın azadlığı tələbinin geniş coğrafiyada dəstəklənməsinin göstəriciləridir.

Bütün bunları nəzərə alaraq, hesab edirik ki, Azərbaycan hakimiyyəti mənasız danışıqlardan və dialoq təkliflərindən birmənalı şəkildə imtina etməli, Ermənistan qarşısında işğal etdiyi bütün ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxması ilə bağlı tələb qoymalıdır. İşğal altındakı torpaqlarımızın hissə-hissə, əvvəl 5 rayonun qaytarılması və sair variantlar qəti şəkildə rədd edilməlidir. Bütün işğal olunmuş ərazilər, Dağlıq Qarabağ və ətraf 7 rayon eyni vaxtda Azərbaycana qaytarılmalı, həmin ərazilərdə Azərbaycanın suveren hüquqları bərpa edilməlidir. Azərbaycan hakimiyyəti bu tələbin yerinə yetirilməsi üçün Ermənistana 6 aya qədər vaxt verməli, bu vaxt ərzində tələb yerinə yetirilmədiyi halda torpaqlarımızın azad edilməsi üçün işğalçı Ermənistana qarşı beynəlxalq hüquq normalarına, BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq azadlıq müharibəsinə başlamalıdır.

Azərbaycan hakimiyyəti artıq bu mövqeni tutmağa məhkumdur. Hakimiyyət bu yolla gedəcəksə, Qarabağ Azadlıq Təşkilatının, bütün Qarabağsevərlərin tam dəstəyinə arxayın ola bilər. Biz və bizimlə birlikdə olan yeni Qarabağ hərəkatı buna tam təminat verir, istənilən təxribatın qarşısını almağa qadir olduğumuzu bildiririk. Əks halda, əgər hakimiyyət bu addıma getməyəcəksə, onda Qarabağı işğaldan azad etməyə qadir olmadığını etiraf etməli, iqtidardan kənara çəkilməlidir. Artıq gözləməyə vaxt yoxdur! Ya hamımız ayağa qalxıb, Qarabağımızın işğaldan azad olunması üçün müqəddəs savaşa başlayıb qalib gəlməli, ya da məhv olub, bir millət kimi sıradan çıxmalıyıq! Başqa yolumuz yoxdur!

         Ya Qarabağ, ya ölüm!”.

Teqlər
Daha çox göstər
Close