Qarabağ

Azərbaycan BMT-yə etiraz məktubu yazdı

“QarabagNews” xəbər verir ki, Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Yaşar Əliyev Ermənistan Respublikasının ölkəmizin Konstitusiyası, BMT nizamnaməsi, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobudcasına pozaraq, Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma qurum adından BMT çərçivəsində kağızların yayılmasına qarşı BMT-nin baş katibi Antonio Quterreşə etiraz məktubu ünvanlayıb.

Məktubda həmçinin Azərbaycan ərazilərinin işğalını pisləyən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət edən, Dağlıq Qarabağı Azərbaycan Respublikasının tərkib hissəsi kimi təsdiq edən və işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilir. ATƏT-in Minsk Qrupunun 9 ölkəsi tərəfindən təsdiqlənmiş 1993-cü ilin 4 noyabr tarixli bəyannaməsinin, xüsusilə “güc vasitəsilə torpağın zəbt edilməsi qəbul edilə bilməz və ərazilərin işğalı beynəlxalq tanınma əldə etmək üçün və ya hüquqi statusun dəyişdirilməsi üçün istifadə oluna bilməz” fikrinə istinad öz əksini tapır.

Məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılacaq.

Teqlər
Daha çox göstər
Close